Pərakəndə Ticarət

Pərakəndə Ticarət

            İqtisadiyyatın kommersiyalaşdırılması prosesində malların satışının vacib forması olan pərakəndə ticarət xüsusi əhəmiyyət kəsb edir. Malların pərakəndə satışı ticarətin digər formalarından ticarət şəbəkəsinin ərazi üzrə səpələnməsi ilə fərqlənir. Pərakəndə ticarət - fərdi sahibkar, kiçik müəssisə, şərikli müəssisələr, səhmdar cəmiyyətləri şəklində özünün müxtəlif xüsusi sahibkarlıq formaları ilə də fərqlənir.

            Pərakəndə ticarət müəssisələri malları az miqarda son alıcılara satır, yəni əmtəə tədavülünü başa vurur. Şübhəsiz ki, pərakəndə satış üçün təkcə alıcılara servis xidmətinin göstərilməsinə uyğunlaşdırılmış, təchiz edilmiş xüsusi ticarət sahələrinin olması deyil, həm də tez-tez dəyişən tələb və alıcıların arzularına uyğun olan ticarət çeşidinin seçilməsi, formalaşdırılması üzrə çox böyük işin təşkil olunmasına ehtiyac duyulur.

            Pərakəndə ticarətin inkişafı - istehlak tələbinin öyrənilməsi və proqnozlaşdırılması üzrə xüsusi xidmətlərin yaradılmasına, malların çeşidlərinin formalaşdırılmasına, pərakəndə ticarətin respublika, şəhər, rayon, qəsəbə səviyyəsində mütərəqqi forma və metodlarının tətbiqi və müəyyən edilməsinə, pərakəndə ticarətin gedişatına nəzarət, malların və məmulatların yeni növlərinin işlənilməsinə, malların standartlaşdırılması və markalanmasının tətbiq olunmasına ehtiyac duyur. Pərakəndə ticarət çərçivəsində kommersiya işinin düzgün təşkil olunması mal dövriyyəsinin artımına, əhali tələbinin tam ödənilməsinə və kommersiya uğurunun qazanılmasına imkan yaradır.

            Pərakəndə ticarətin müxtəlif forma və metodları əlavə xidmət kompleksi olmadan effektiv ola bilməz. Bu cür xidmətlər bir çox ölkələrdə alıcı uğrunda rəqabət mübarizəsində üstün mövqe tutur. Burada əsasən müxtəlif xidmət növləri təklif edilir: malların alışı ilə bağlı olan xidmətlər, sifarişlərin qəbulu, səlahiyyətli məsləhətlər, malların qablaşdırılması və çatdırılması, malların alınmasından sonra göstərilən xidmətlər, malların effektiv satışına səbəb olan xidmətlər və s. Xidmətlər ödənişli və ödənişsiz ola bilər, lakin onların hamısı mağazaya daha çox alıcı kontingentinin cəlb olunması məqsədilə təşkil edilir.

            Deyilənlərdən belə bir nəticə çıxarmaq olar ki, pərakəndə ticarət çox mürəkkəb mal hərəkəti prosesinin son mərhələsi olmaqla, tələbin indikatoru kimi çıxış edir, qiymətə və tələbata görə istehsalat təyinatlı və geniş istehlak mallarını müəyyən edir.